Laboratoriya

İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin tələbələrinə Çində təlimdə iştirak imkanı verən layihənin təqdimatı keçirilib

image

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Huawei-Azərbaycan” şirkətinin növbəti “Seeds for the Future” layihəsi tələbələrə təqdim edilib.

Təqdimatda “Seeds for the Future” layihəsi haqqında İnformasiya Texnologiyalаrı və İdaretmə fakültəsinin (İTİF) tələbələrinə geniş məlumat verilib. Qeyd olunub ki, bu layihə İKT sənayesinə marağın artırılmasına yardım etmək və qabiliyyətli tələbələrin bu sahədə biliklərini artırmaq məqsədi daşıyır. Pekində başlayan layihə çərçivəsində tələbələrin həm Çin mədəniyyəti ilə tanış olmaq, həm də İKT üzrə zəngin təcrübə əldə etmək imkanları var.

Daha sonra “Huawei-Azərbaycan” şirkətinin təmsilçisi ilə tələbələr arasında ingilis dilində dialoq olub. Tələbələr dil bilikləri ilə yanaşı İKT sahəsinə aid biliklərini nümayiş etdiriblər. Sonda layihəyə müraciət qaydaları və proqrama seçim prosesinin mərhələləri ətraflı izah olunub.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Seeds for the Future” proqramı çərçivəsində İKT biliyinə malik ən yaxşı 10 tələbə Çinə 2 həftəlik təlimə göndərilir. Proqrama əsasən, dünyanın 200-dən çox ali məktəbində texniki ixtisaslarda təhsil alan və telekommunikasiyalarla maraqlanan ən yaxşı tələbələr Çində “Huawei” şirkətinin baş qərargahında təlim keçirlər. Təlimlərin proqramına Şençjendə informasiya və kommunikasiya texnologiyaları sahəsində nəzəri və praktiki məşğələlərin aparılması, Pekində Çin dilinin və mədəniyyətinin öyrənilməsi daxildir. Tədris kursu imtahanın verilməsi ilə başa çatır və imtahandan sonra tələbələrə sertifikatlar təqdim olunur.

2019-09-26