Laboratoriya

İnformasİya Texnologİyaları və İdarəetmə Fakültəsİ

Ümumi və tətbiqi riyaziyyat

Kafedranın tarixi

Universitetimizdə Ali riyaziyyat kafedrası 1921-ci ildə təşkil olunmuşdur. Universitetin (keçmişdə İnstitutun) açılış günü (2 yanvar 1921-ci il) birinci mühazirə Ali riyaziyyat kursundan olmuşdur. Mühəndis Səmədbəy Vəkilovun oxuduğu bu mühazirədə 400 nəfər dinləyici iştirak edirdi.

İlk yaranmış kafedraya L.S.Leybenzon rəhbərlik edirdi. Kafedranın ştatında 4 nəfər əməkdaş var idi.

1923-cü ildə kafedra müdiri N.N.İovlev təyin olunur.

1926-cı ildə kafedra 2 yerə bölünür: Analiz kafedrası (müdiri A.S.Kovanko) və Həndəsə kafedrası (müdiri professor N.N.İovlev). 1928-ci ildə bu kafedralar yenidən birləşdirilir və “Ali riyaziyyat” adlandırılır (müdiri professor A.M.Amosov). A.M.Amosov kafedraya 1945-ci ilə qədər rəhbərlik edib.

Ali riyaziyyat kafedrasına 1945-1961-ci illərdə dosent M.A.Şeydayev, 1961-1969-cu illərdə dosent Q.A.Nəcəfov, 1969-1995-ci illərdə professor R.H.Məmmədov rəhbərlik edib.

1991-ci ildə Ali riyaziyyat kafedrası yenidən iki kafedraya bölünür: Ali riyaziyyat – I kafedrası (müdiri professor R.H.Məmmədov) və Ali riyaziyyat – II kafedrası (müdiri professor Y.Ş.Səlimov). 1995-ci ildə Ali riyaziyyat – I kafedrasına dosent C.A.İsmayılov rəhbərlik edir. 1996-cı ildə bu kafedralar yenidən birləşdirilir və Ali riyaziyyat kafedrasına 2011-ci ilə qədər professor Y.Ş.Səlimov rəhbərlik edib. 2011-2016-cı illərdə isə kafedraya dosent M.M.Səbzəliyev rəhbərlik edib.

Müxtəlif vaxtlarda Ali riyaziyyat kafedrasında Respublikanın ən görkəmli alimləri işləmişlər. Bunlardan Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvləri Z.İ.Xəlilov və İ.İ.İbrahimov, müxbir üzvləri M.A.Cavadov, Y.Ə.Əmənzadə və başqalarını göstərmək olar.

1962-1994-cü illəri kafedranın keyfiyyətcə yüksəliş dövrü kimi qeyd etmək olar. Bu illərdə kafedrada Ali riyaziyyat kursundan əlavə Diferensial tənliklər, Funksional analiz, Kompleks və Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi, Xüsusi funksiyalar, Operasiya hesabından xüsusi kurslar oxunub.

1972-2011-ci illərdə kafedrada “Funksiyaların konstruktiv nəzəriyyəsi” və “Diferensial operatorların spektral nəzəriyyəsi” adlı elmi-nəzəri seminarlar fəaliyyət göstərmişdir.

1972-ci ilin sentyabrında Azərbaycanda “Tətbiqi riyaziyyat” sahəsindəki mütəxəssislərə olan ehtiyacla əlaqədar olaraq Universitetimizdə Ali riyaziyyat kafedrası 2 yerə bölünərək, Ali riyaziyyat kafedrası və Tətbiqi riyaziyyat kafedrası yaradılmışdır. Tətbiqi riyaziyyat kafedrasında işləmək üçün keçmiş SSRİ-nin aparıcı elmi mərkəzlərində, o cümlədən Moskvada, Kiyevdə və başqa şəhərlərdə hazırlıq keçmiş və o dövrdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda çalışan “Tətbiqi riyaziyyat” üzrə aparıcı mütəxəsislər cəlb edilmişdir.

Tətbiqi riyaziyyat kafedrasına müxtəlif vaxtlarda professor Ə.Ə.Novruzov (1972-1977-ci illər), dosent M.H.Tahirov (1977-1982-ci illər), professor V.Q.Pirməmmədov (1982-1993-cü illər), dosent O.M.Manaflı (1993-1995-ci illər), professor B.İ.Musayev (1995-1998-ci illər), dosent M.H.Bağırov (1998-2004-cü illər), AMEA-nın müxbir üzvü, professor K.R.Ayda-zadə (2004-2015-ci illər) rəhbərlik etmişlər. 2016-cı ilin yanvarından 3 fevraladək kafedraya professor A.R.Əliyev rəhbərlik edib.

Kafedranın yarandığı ilk illərdə elektron hesablama maşınlarının təkmilləşdirilməsi, avtomatlaşdırılmış idarə etmə sistemlərinin yaradılması və tətbiqi ilə əlaqədar olaraq kafedrada “Proqram təminatının yaradılması” üzrə mütəxəssislər hazırlanmağa başlanmışdır. Lakin 1980-ci illərdə elm və texnikanın bütün sahələrində yeni tədqiqat üsulunun – hesablama eksperimentinin tətbiq edilməsi ilə əlaqədar olaraq “Riyazi modelləşdirmə” üzrə mütəxəssislərin hazırlanması zərurəti meydana çıxmışdır. Bununla bağlı kafedrada “Riyazi modelləşdirmə”, “Ədədi üsullar” ixtisasları üzrə mütəxəssislər hazırlanmasına başlanmışdır. Mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda kafedranın filialı yaradılmış və həmin İnstitutunun aparıcı mütəxəssisləri AMEA-nın həqiqi üzvü, professor C.E.Allahverdiyev, professor C.A.Babayev, dosentlər Ə.Ə.Şahbazov, K.F.Şirinov, H.M.Musayev və başqaları tədris işlərinə və tələbələrin elmi işlərinə rəhbərlik etmək üçün cəlb edilmişlər. Kafedrada “Riyazi fizika tənliklərinin və optimallaşdırma məsələlərinin ədədi həll üsulları” adlı elmi metodiki seminar təşkil edilmişdir. Seminar iştirakçıları arasından onlarla riyaziyyat və texnika üzrə elmlər doktoru, 50-dən artıq fəlsəfə doktoru yetişmişdir. Həmin dövrdə daha istedadlı şagirdləri “Tətbiqi riyaziyyat” ixtisasına cəlb etmək məqsədilə kafedranın nəzdində “Gənc tətbiqi riyaziyyatçı” məktəbi yaradılmışdır. Bu məktəb istedadlı gənclərin yetışməsində, onların ixtisas seçimi ilə bağlı istiqamətləndirilməsində mühüm rol oynamışdır. Riyazi üsulların mexanikada tətbiqi məsələlərinin tədrisində, kafedranın məzunlarının elmi işlərə cəlb edilməsində, kafedra üçün elmi kadrların hazırlanmasında AMEA-nın həqiqi üzvü, professor A.X.Mirzəcanzadə yaxından köməklik göstərmişdir. 1993-cü ildə Respublikada yeni təhsil sisteminə keçidlə əlaqədar olaraq, kafedrada yeni tədris proqramları yaradılmış və onların əsasında bakalavr və magistr hazırlığına başlanmışdır. Kafedrada müasir kompüterlərlə təmin edilmiş kompüter sinifləri yaradılmış, riyazi modelləşdirmə və informasiya sistemlərinin yaradılması ilə bağlı elmi-tədqiqat işləri davam etdirilmişdir.

Universitetimizdə aparılmış struktur islahatları nəticəsində 2016-cı ilin fevral ayında Ali riyaziyyat və Tətbiqi riyaziyyat kafedralarının bazasında Ümumi və tətbiqi riyaziyyat kafedrası yaradılmışdır. Kafedrada 050509 - “Kompüter elmləri” ixtisası üzrə bakalavr və magistr pillələrində kadrlar hazırlanır. Kafedrada 64 nəfər əməkdaş çalışır (1 ADNSU-nun əməkdar professoru, 1 dəvətli professor, 5 professor, 25 dosent, 9 baş müəllim, 14 asisstent, 9 nəfər tədris köməkçisi).

2016-cı ilin 3 fevralından hal-hazıradək Ümumi və tətbiqi riyaziyyat kafedrasına riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev rəhbərlik edir.

Yarandığı gündən kafedra AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, ARDNŞ Neftqazelmitədqiqatlayihə İnstitutu, Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Başkir Dövlət Universiteti, Başkir Dövlət Pedaqoji Universiteti, Ukrayna MEA Riyaziyyat İnstitutu, B.İ.Verkin adına Aşağı Temperaturlar Fizika-Texniki İnstitutu, L.N.Qumilyov adına Avrasiya Milli Universiteti, “SİNAM” MMC, R.İ.S.K. Elmi İstehsalat Şirkəti və başqa təşkilat və müsəssisələr ilə sıx əlaqələr yaratmışdır. Kafedranın təhsildə fərqlənən tələbələri AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, ARDNŞ Neftqazelmitədqiqatlayihə İnstitutu, “SİNAM” MMC və R.İ.S.K. Elmi İstehsalat Şirkətində təcrübələr keçir və bu təşkilat və müsəssisələrdə müxtəlif istehsal proseslərinin yerinə yetirilməsinə və təşkilinə həsr olunmuş buraxılış işləri və magistr dissertasiyaları üzərində çalışırlar.

Son dövrdə kafedranın əməkdaşları tərəfindən Web of Science Core Collection və Scopus bazalarında öz əksini tapmış çoxlu sayda məqalələr dərc edilmiş, onlarla dərslik, dərs və metodik vəsaitləri yazılmışdır.

Hal-hazırda kafedrada “Tətbiqi riyaziyyatın müasir problemləri” adlı elmi-nəzəri seminar fəaliyyət göstərir.

Bu gün kafedranın yetişdirdiyi mütəxəssislər dünyanın bir çox ölkələrində, o cümlədən, keçmiş Sovet respublikalarında, Almaniyada, Fransada, ABŞ-da, Meksikada, İsraildə və başqa ölkələrdə işləyirlər. Onlar Azərbaycan Respublikasında demək olar ki, bütün fəaliyyət sahələrində çalışırlar.

İndi kafedrada yeni tədris planına uyğun olaraq “Kompüter elmləri” ixtisası üzrə bakalavr, “Tətbiqi riyaziyyat”, “İnformatika”,  “Riyazi modelləşdirmə” və "Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı" ixtisaslaşmaları üzrə isə magistrlər hazırlanır.